Əbu Davud
Əbu Davud və ya tam adı ilə əl-İmam əs-Səbt Seyid əl-Hüffaz Süleyman ibn əl-Əşəs ibn İshaq əl-Əzdi əs-Sicistani (ərəb. أبو داود السجستاني, 817, Sistan – 888, Bəsrə, İraq, Abbasilər xilafəti) — mühəddis, "Sünəni-Əbu Davud" hədislər toplusunun müəllifi.
Onun tam adı əl-İmam əs-Səbt Seyid əl-Hüffaz Süleyman ibn əl-Əşəs ibn İshaq əl-Əzdi əs-Sicistanidir. Əbu Davud 817-ci ildə İranın cənub-şərqində və Əfqanıstanın cənub-qərbində yerləşən Sistan şəhərində anadan olmuşdur. O, Ərəbistan yarımadasının ən böyük tayfalarından biri olan Azd qəbiləsindən olan ərəb idi. İslamın yayılmağa başlaması ilə azdların bir hissəsi Ərəb xilafətinin müxtəlif yerlərində məskunlaşmağa başlamışdılar. Əbu Davudun əcdadı İmran Siffeyn döyüşündə xəlifə Əlinin tərəfində vuruşaraq həlak olmuşdur.
Bəsrədə yaşayırdı. Əbu Davud hədis toplamaq üçün Xorasan, İraq, Misir, Suriya, Hicaz və xilafətin başqa yerlərində olmuşdur. İlk səyahətinə çıxanda iyirmi yaşından az idi.